HÜSEYN RAZİ
  Sevgi qanadlarında
 


Sevgi qanadlarında
 
Atsan məhəbbətimi ayrılıq vadisinə,
Barı güman ol mənə.
Düşsəm də solğun ümid, təsəlli şöləsinə,
Sökülən dan ol mənə.
Həsrətin bürüyəndə eşqimi duman kimi,
Kaş sərin meh olasan,
Qəlbimin tellərini həzin bir kaman kimi,
Ürəyimcə çalasan.
Dünənimiz xəyaldır xatirələr çənində,
Bugünüm ol gözəlim.
Elə qürbət yarat ki, eşqimin vətənində, -
Sənə yetişsin əlim.
Qalsam əgər çox uzun intizar gecəsində,
Ulduza, aya çevril.
Həsrətinlə sıxılan ürəyimin səsində
Kövrək haraya çevril.
Hər sınaqdan keçirəm məhəbbətin gücünə,
Təki qürurum sən ol.
Heç bir zülmət, qaranlıq sədd çəkə bilməz mənə,
İşığım, nurum sən ol.
Adın, eşqin, ürəyin, məhəbbətin kök salıb
Qəlbimin qatlarında.
O gündən arzularım zirvələrə ucalıb
Sevgi qanadlarında.
 
 
 
 
  Bugün 24 ziyaretçi (43 klik) kişi burdaydı!

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol