HÜSEYN RAZİ
  Dəyişdirməyək
 

Dəyişdirməyək
 
Hər hansı məclisdə qızışanda biz,
Doğrunu yalana dəyişdirməyək,
Səs-küylü olsa da nitqlərimiz
Yaxşını yamana dəyişdirməyik.
 
Olsun sözümüzdə məna siqləti,
Cümlələr biçimli, fikirlər qəti.
Hissə qapılaraq əbədiyyəti
Bir günə, bir ana dəyişdirməyək.
 
Nahaq söz yaradır ürəklərdə qış,
Gizli suallara dönür hər baxış.
Özümüz inanın-inandırmamış,
Haqq sözü böhtana dəyişdirməyək.
 
Duymaqda əzəldən əzəldir ürək,
Heçik, özümüzü dərk eləməsək.
Tutar gözümüzü halal duz-çərək,
Qananı nadana dəyişdirməyək.
 
Hər aşıb-daşmağın yetişir sonu,
Get-gedə kiçilir ömür xurcunu.
Gəlin təsadüfi bir qoruqçunu,
Yüz illik bağbana dəyişdirməyək.
 
Köksümüz olmasın yalan körüyü,
Çən yeri tutmasın, buludlar göyü.
Boş vədi, havayı andı, səs-küyü
Düz əhdi-peymana dəyişdirməyək.
 
Unutmur bu dünya əzəldən bəri,
Yalnız axan qanı, tökülən təri.
Qızışan qəzəbli düşüncələri
Anamız cahana dəyişdirməyək.
 
 
 
 
  Bugün 32 ziyaretçi (51 klik) kişi burdaydı!

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol