HÜSEYN RAZİ
  Gülüm
 



Gülüm
 
İkimiz bir eşqin çevrəsindəyik,
Sən duran nöqtədə mən varam, gülüm.
Pozulmaz cazibə qüvvəsindəyik,
Ayrılsaq, heçlikdə qalaram, gülüm.
 
Gözəlli, göyçəkli dünyamda birsən,
Yuxudan durmayım yuxuma girsən.
Bir dəfə ruhuma təsəlli versən,
Yüz il həsrətində qalaram, gülüm.
 
Qəlbinlə qulaq as qəlbin səsinə,
Dəli duyğuların bəsləşməsinə.
Mən öz fəryadımla yer kürəsinə
İstəsəm fırtına salaram, gülüm.
 
Bəm xallar üstündə kövrək neyəm mən,
Dərdimi dünyaya gərək deyəm mən
Bir zümrüd quşuyam, çılğın leyəm mən,
Hər yerdə mən qanad çalaram, gülüm.
 
Bir gün saf eşqimi danası olsan,
Sən məni yandırıb yanası olsan,
Başqa xanimanın sonası olsan
Mən o xanimanı talaram, gülüm.
 
Dönmərəm eşq adlı bir günahımdan
Qara gözüm kimi qibləgahımdan
Saçına dən düşsə, mənim ahımdan,
Dünyanın saçını yolaram, gülüm.
 
Şimşəyə çevrilib başımda çaxsan,
Bilsəm ki, qan daman odlu bıçaqsan.
Qəfil ölüm olub qarşıma çıxsan,
Mən səni köksümə alaram, gülüm.
 
Əriyən ruhuma süzür su kimi,
Bir dağ çeşməsinin sal buzu kimi,
Raziyəm istəsən bir quzu kimi,
Hər saat qurbanın olaram, gülüm.
 

 
 
 
  Bugün 45 ziyaretçi (66 klik) kişi burdaydı!

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol