HÜSEYN RAZİ
  Naxçıvandadır
 



Naxçıvandadır
 
Ordubad, Ələngəz, İlanlı dağı,
Batabat meşəsi Naxçıvandadır.
Bizim durna gözlü qızlar bulağı
Çınqıllı çeşməsi Naxçıvandadır.
 
Başqa səfası var bu yerdə yazın,
Gur Arpa çayının, sakit Arazın
Əsrlər keçsə də əcdadımızın
Min bir nişanəsi Naxçıvandadır.
 
Yaşı bilinməyən qoca dağların,
Loğman qüdrəti var buz bulaqların
Mirzə Cəlil kimi bir sənətkarın
Vüqarı, nəfəsi Naxçıvandadır.
 
Büllur layları var burda sal duzun,
«Badamlı» döşündən axır Şahbuzun.
Səidin, Cavidin, rəssam Bəhruzun
Yaratmaq həvəsi Naxçıvandadır.
 
Bur yer qardaşıdır, Milin, Muğanın,
Başında yazılmış neçə dastanın.
Qurbanı olduğum Azərbaycanın
Gözəl bir guşəsi Naxçıvandadır.

 
...................
 
 
  Bugün 40 ziyaretçi (59 klik) kişi burdaydı!

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol