HÜSEYN RAZİ
  Eyniləşməyək
 



Eyniləşməyək
 
Hər çiçək gözəldir öz çalarında,
Səslər eyni deyil könül tarında.
Fikir qatarında, söz qatarında
Hər kəsin öz yeri bilinsin gərək,
Gəlin bir ölçüdə eyniləşməyək.
 
Arvad kişiləşsə, əri sayılmaz,
Öz səsi olmayan diri sayılmaz.
İki eyniyyətin biri sayılmaz,
Süni calaqları götürmür ürək,
Gəlin, bir ölçüdə eyniləşməyək.
 
Çətindir oxşatmaq dünyanı göyə,
Qılıncda bir deyil sapınan tiyə.
Koroğlu bənzəməz Keçəl Həmzəyə,
İki yad cinahın qütbləritək
Gəlin, bir ölçüdə eyniləşməyək.
 
Yadlaşıb dönməyək biz özümüzdən,
Yol, cığır yaranmır ötərgi izdən.
Sussaq, danışarlar əvəzimizdən,
Biz öz sözümüzü özümüz deyək,
Gəlin, bir ölçüdə eyniləşməyək.
 
Fərdi ruhumuzu rəndələməklə,
Hər papaq qoyana kişi deməklə,
Saxta gəlirlərlə, müftə yeməklə,
Məst olub heç zaman biz keyləşməyək,
Gəlin, bir ölçüdə eyniləşməyək.
 
Dərhal dəm tutmayaq biri güləndə,
Nifrətdə silahdır yeri gələndə.
Günsüzü gecədə, gecəni gündə,
Axtarıb, zülmətə, çənə düşməyək,
Gəlin, bir ölçüdə eyniləşməyək.
 
Öz kökü üstündə dayansın hər kəs,
Bizə köksüzlərin taleyi bir dərs.
Bilməyən məsləki, eşqi müqəddəs,
Səmti bilinməyən küləkdir, külək;
Gəlin, bir ölçüdə eyniləşməyək.
 
Keçmir eyni vaxtda hamı bir yolu,
Qoca var – uşaqdır, uşaq var – ulu.
Sən kimin oğlusan, mən kimin oğlu,
Kimimiz arşınıq, kimimiz çərək,
Gəlin, bir ölçüdə eyniləşməyək.
 
Ali duyğulardır qəlbin gərəyi,
Sevgisiz heç kəsin uyuşmaz rəyi.
Təqdir etsələr də eyniləşməyi,
Kimik, kimliyimiz bilinsin gərək,
Gəlin, bir ölçüdə eyniləşməyək.
 
 
 
 
  Bugün 21 ziyaretçi (40 klik) kişi burdaydı!

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol