HÜSEYN RAZİ
  Dünya
 



Dünya
(Məmməd Araz üçün)
 
Planetlər düzümündə tutanda qərar,
Tək özünə uzun ömür dilədi dünya.
Nə əbədi hökmdarı, nə varisi var,
O zamandan belə sonsuz lələdi dünya.
 
Tufanlarda neçə kərə girova döndü,
Ürəyinə ox tuşlanan bir ova döndü,
Küt başların inadında alova döndü,
Yana-yana haray çəkib mələdi dünya.
 
Bir tərəfi işıqdadır, bir üzü çəndə,
Xəbərsizdir nəsil-nəsil insan keçəndə,
Müəmmalar buludunda, duman içində
Azıb qalmış bir zavallı kölədi dünya.
 
Bir cazibə kəndirində çəkilib dara,
Ona uyan gərək yana, ya da yandıra,
Doğulanda kimisini cırım-cındıra,
Kimisini zər-zibaya bələdi dünya.
 
Bir evində sona qədər yanmaz çıraqlar,
Bir ürəkdir, ürəksizlər nəbzini yoxlar.
Bir aləmdir, yüz aləmin sirrini saxlar,
Bir günəşin şöləsində gilədi dünya.
 
Bağışlamaz, namərd kimi barını dərsən,
Qaytaracaq səxavətlə ona nə versən.
Hər kim olsan, baş aparma, bir gün görərsən
Səni ovub xəlbirindən ələdi dünya.
 
Vardır böyük dəyanətdə, təmkin də onda,
Hövsələsi dözümündə, qılıncı qında.
Hər namərdin cənnətini göz qırpımında
Baxarsan ki, bir cəhənnəm elədi dünya.
 
Gecələri gündüzlərə hədə-qorxudur.
Həqiqətə təşnələrin susuz arxıdır.
Hey fırlanan, hey fırladan tale çarxıdır,
Razi, inan ya inanma, belədi dünya.

 
 
 
  Bugün 29 ziyaretçi (48 klik) kişi burdaydı!

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol