HÜSEYN RAZİ
  Müasirləri Hüseyn Razi haqqında
 
 
Müasirləri Hüseyn Razi haqqında
 


 
«... Çox şad oldum. Hamımız üçün doğma və kövrək Arazın sahilində yazıb-yaradan şairimizə daha xoş günlər, tükənməz sevinc qayğıları, bir-birindən gözəl əsərlər yazmağı arzu edirəm».
 
Bəxtiyar Vahabzadə,
(60 illik yubileyi münasibəti ilə H.Raziyə
Azərbaycanın Əməkdar İncəsənət xadimi fəxri adı
verilərkən göndərdiyi təbrik məktubundan)
 
***
 



        Tanınmış Azərbaycan şairi Hüseyn Razidən söz düşəndə bir nəfərlə mübahisəmi xatırlayıram: Bakıdan uzaqda yaşaması deyəsən, onun şairlik şöhrətinə mane olmuşdur.
Sənətkar şöhrətə layiqdirsə, şöhrət onu harada olsa axtarıb tapacaq, - dedim – Hüseyn Razi Naxçıvandan ayrılmamaqda uduzmayıb, əksinə qazanıb.
 
Xəlil Rza ULUTÜRK,
Azərbaycanın xalq şairi
***
 



      Hüseyn Razi Araz təbli şair dostumdur.
Ey dostum Razi,
Gətir şeirimizə,
Gətir Arazı...
 
Məmməd Araz,
Azərbaycanın Əməkdar İncəsənət xadimi, şair
 
***
 
    

    
Hüseyn Razi hər yerdə varlığa münasibəti, poetik duyğuları haqqında izahat vermir. Bu münasibəti, bu hissiyyatı bədii sözlə canlandırmağa çalışır. Yəni o, çiçəyi görəndə oxuyur, daha «dayanın, bir baxın görün mən necə oxuyacağam?» - demir. Hüseyn Razinin şeirində bu səmimiyyət lirik qəhrəmanına daxili bir məhəbbət və inam oyadır.
 
...........

     Hüseyn Razi nəcib insan duyğularını tərənnüm edir. Elə fikirlər və hislər ifadə edir ki, onlar harada yaşadığından asılı olmayaraq bütün qabaqcıl adamlar üçün səciyyəvidir.
Şair çalışır ki, insanların ürəyində gözəllik və həqiqət duyğularını gücləndirsin. Buna görə də o, insanın tərəqqi və səadətinin əsasını, insanın mənəvi gözəlliyini təşkil edən əməyi, xeyirxahlığı, vətənpərvərliyi və humanizmi tərənnüm edir.
 
Mirzə İbrahimov,
Azərbaycanın xalq yazıçısı
 
***

     


    Şair Hüseyn Razının coşqun ilhamının məhsulu olan «Azərbaycan gözəliyəm» şeiri Naxçıvanın poetik təqdimatının ifadəsi olan nümunələrin ideya-estetik və bədii-emosional keyfiyyətlərini müvəffəqiyyətlə yekunlaşdırır. Mövzuya dərindən bələdlik, yüksək bədii ümumiləşdirmə, ilhamın qanadlanmış vüsəti əsasında yaranmış bu şeirdə qədim diyarın dünya şöhrətli yetirmələrinin xidmətləri ilə coğrafi mövqeyinin, təbii gözəlliyinin, yeraltı və yerüstü sərvətlərinin bir axarda tərənnümü Azərbaycan gözəlinin – Naxçıvanın poetik obrazında zahiri və mənəvi amillərin ahəngdarlığını təmin etmişdir.
 
İsa Həbibbəyli,
Naxçıvan Dövlət Universitetinin rektoru, akademik
 
***

     


     Vətənpərvərlik Hüseyn Razinin yaradıcılığının əsas məziyyətidir. Lakin onun vətənpərvərliyi bölgə sevgisi ilə məhdudlaşmır. Şair Bakını, Qarabağı, Gəncəni, Təbrizi də eyni məhəbbətlə tərənnüm edir. Böyük Azərbaycan, bütöv Azərbaycan onun ilham qaynağıdır.
 
Yavuz Axundlu,
Ədəbiyyatşünas, professor, filologiya elmləri doktoru,
Azərbaycan Respublikasının əməkdar müəllimi.
 
***
 
   
Hüseyn Razi qardaşıma, qəlbinə və poeziyasına hörmət və məhəbbət bəsləyirəm.
 
Nəriman Həsənzadə,
Azərbaycanın Əməkdar İncəsənət xadimi, şair
 
***
 
Əziz dostum, istedadlı Azərbaycan şairi Hüseyn Raziyə gələcək yaradıcılığında uğurlar arzulayıram.
 
Tabdurəhman MİNSKİ,
Tatarıstanın xalq yazıçısı
 
***
 
Hüseyn Razi qəlbində vətəninin əzizləyən, Vətənində qəlbini əridən gözəl qələm ustasıdır.
 
Əliheydər Qənbər,
Həkim, şair.
 
***
 



     Hüseyn Razi təbiət gözəlliklərindən bəhs edəndə də onu xalqımızın tarixindən, qəhrəman keçmişindən, bugünkü xoşbəxt həyatından təcrid etmir.
 
Azad Nəbiyev,
Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü
 
***
 

       

       Hüseyn Razi yoldaş salam, təzə iliniz mübarək!
«Ədəbiyyat və İncəsənət»in son nömrəsindəki «Alqış», «Yarımhəqiqət» və «Gələrsən» adlı şeirlərinin üçü də qeydsiz-şərtsiz xoşuma gəldi. «Xoşuma gəldi» azdır, məni tərlətdi…
… Hər adam fakir deyə bilər, şeir deyə bilməz. Siz şeir demisiniz, canlı, təbii, ehtiraslı, hər şeyi yerində, motivi də ki, aydın.
Xüsusilə dilə, ifadəyə, konkretliyə, aydınlığa, rəvanlığa, biganəlik, nişanlıq hökm sürdüyü bir vaxtda. Sizin şeirləriniz xüsusi boy göstərir, həmin nömrədəki şeirlərdən çox parlaqdır.
Salamat qalın, susa bilməzdim.
 
Qabil,
Azərbaycanın Əməkdar İncəsənət xadimi, şair
 
***
 



     Hüseyn Razi Naxçıvan torpağının 20-ci yüzilliyin sonunda ədəbiyyatımıza verdiyi böyük sənətkarlardan biridir... Naxçıvan ədəbi mühitindən çıxan elə bir şair yoxdur ki, H.Razi şeirindən təsirlənməsin.
H.Razi bütün ömrü boyu sözü üzə şax deyən, sözü ucalığa qaldıran, lap ölüm gününə qədər ədəbiyyata mərdi-mərdanə xidmət eləyən bir şair idi.
 
Rüstəm Behrudi,
Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü
 
***
 
Hüseyn Razi daima narahatdır, o, axtarır, həyati həqiqətləri dərindən öyrənməyə, hər şeyi, necə deyərlər, öz gözü ilə görməyə can atır.
 
Müzəffər Nəsirli,
Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü
 
***
 
«Sahil həsrəti» kitabı Hüseyn Razinin yaradıcılığı haqqında tam təsəvvür yaratmaqla onun Azərbaycan poeziyasında layiqli yer tutan orijinal qələm sahibi olduğunu bir daha təsdiqləyir.
«Vətən» şeiri ilə açılan bu kitab bütövlükdə vətənin ulu keçmişi, dünəni, bu günü haqqında simfoniyadır.
Hüseyn Razi poeziyasına məxsus temperament, yüksək pafos, tribunluq bu şeirlərdə özünü qabarıq şəkildə göstərir.
 
Adil Qasımov,
Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü
 
.................................


 

 
 
  Bugün 16 ziyaretçi (33 klik) kişi burdaydı!

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol