HÜSEYN RAZİ
  Gündəliyindən qeydlər
 



 

Gündəliyindən qeydlər
 
1 dekabr 1988-ci il: «Qaçqınlar hər tərəfi bürüyüb. Qış günü erməni taunu genişlənir – İttifaq hökuməti laqeydlik göstərir. Elə bil səs-küy Moskvanın xeyrinədir».
 
7 dekabr 1988-ci il: «Bakı dəhşətli günlər keçirir. Olanın onda birini demirlər, yazmırlar. Ölən və yaralananlar çoxdur.
Ziya Bünyadovun «Oqonyok» jurnalındakı müsahibəni oxudum (№ 45). Yaxşı təsir bağışladı. Mətbuatımız hücumu dayandırıb. Boş-boş dostluq iddiası çəkir. Qəribə taleyimiz var bizim...
Cabbarlı demişkən, «Atan kazaklardır»».
 
27 dekabr 1988-ci il: «H.Borovikin Moskvadan «Poeziyası» («Mövqe») verilişinə baxdım. Ara qızışdırır.
«Gənclik» jurnalının redaktoru Məmməd İsmayıla təşəkkür məktubu yazdım. Cəsarətlə yazdığı üçün».
 
16 iyul 1989-cu il: «Bugündən təqaüdə çıxıram. Məni işdən azad edirlər. Əlini də (şairin oğlu nəzərdə tutulur – Yunis Xəlilov) müxbirliyə götürdülər. Vida görüşü olur».
 
26 iyul 1989-cu il: «Ordubadda olduq. Bütün gecəni hamı oyaq qalmışdı ki, ermənilər hücum edəcəklər. Hamı silah tələb edirdi».
 
10 avqust 1989-cu il: «Meqri rayonunda ermənilərin azğınlığı ilə əlaqədar Obkomun (Vilayət Partiya Komitəsinin – Yunis Xəlilov) önündə qaçqınların böyük bir nümayişi oldu. Qadınlar partiyanı ittiham edirdilər».
 
27 noyabr 1989-cu il: «Vəziyyət get-gedə gərginləşir. Bakıda Şaumyanın heykəlini uçurublar».
 
Gündəliyindən gətirdiyimiz bu kiçik qeydlər şairin vətəndaşlıq və vətənpərvərlik mövqeyini açıq-aşkar göstərir. Bu sətirlərdən aydın olur ki, Moskvanın fitvası ilə törədilən milli ixtilaflar, Qarabağ problemi, qaçqınların, didərginlərin yurd-yuvasından qovulması şairi çox narahat edir.
 
Gündəlik səhifələrinə nəzər saldıqda o da aydın olur ki, şair Hüseyn Razi yaşının müdriklik çağlarında uşaqlıq və gənclik illərini belə xatırlayır: «Mənim yaddaşımın axar-baxarında uşaqlıq və gənclik illərinin sükutu, ümidlərə sığınmış ehtimallar, atasızlıqla bağlı qayğılar, çox erkən başlanan zəhmət anları, qəfil müharibə ilə gələn sınaqların və ehtiyacların həyəcanları qalmışdır.
İlləri xatırladıqca qəlbimin güzgüsündə ömrümün xəritəsi canlanır. Ona baxa-baxa qartallı dağların yaxasına sığınmış Ordubad, sahil üstə fikirli dayanmış Dəstə kəndi, bağ-bağatlı yamaclar, hər qarışında bir şəfa bulağı çağlayan təpələr, düzlər, nəğməli-bayatılı Arazın düşüncəli görkəmi xəyalımda aşkarlanır. Bu sahillər mənim ilk seyrəngahım, beşiyim, duyğu və düşüncələrimin bələdçisi, nisgil və həyəcanlarımın yazılmamış xatirə dəftəridir.
İndi də Arazın sahilinə çıxanda xışla yer şumlayan, taxıl əkən, xırmana, dəyirmana tələsən, çörək üçün min bir zəhmətə qatlaşan, gənclik arzuları qönçələnmiş, sinələri hərbin alovlarına gərilən yaşıdlarımın məğrur səsini eşidirəm. Buna görə də bir çox yazılarımda o illərdən titrək pıçıltılar, Arazdan kövrək nidalar var.
Ətəkləri Arazda yuyulan, arxası zirvələrə söykənən baba yurdum Dəstədə həyata göz açdığım gündən altı onillik keçir. Mən burada hər iki sahilin yanaşı dağlarda əks-səda verən nəğmələrini dinləmiş, nənələrin, babaların can dəftərindən xatirə və rəvayətləri yaddaşıma köçürmüşəm. Bu kənddə məktəbdən qabaq zəhmətə çağıran çölləri tanımışam, dəftər-qələmdən əvvəl beldən, oraqdan, kərəntidən tutmuşam».
    
     .................




    
 
        Gündəliyindən qeydlər davam edəcək.
 
         Hörmətlə,
         Admin
         Yunis Xəlilov
 
 
  Bugün 7 ziyaretçi (24 klik) kişi burdaydı!

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol