HÜSEYN RAZİ
  Sığındım
 


Sığındım
 
Topa tutdu həyat məni yüz dəfə,
Öz oxuma, kamanıma sığındım.
Düşdü bir çox arzularım hədəfə,
Ürək adlı həyanıma sığındım.
 
Nağıl oldu ünvanım da, adım da,
Xatirələr yaddaşımda, yadımda.
Qüssələrim buxarlandı odumda,
Öz tüstümə, dumanıma sığındım.
 
Səsli-küylü yalanlara kar oldum,
Yar axtardım, yar olana, yar oldum.
Varlığımı ha dandılar, var oldum,
Ümidimə, gümanıma sığındım.
 
Tufan əsdi hər ayımdan ilimə,
Xəzan düşdü qönçələşən gülümə.
Yalanlardan qabar tutmuş dilimə,
Yoxa çıxmış imanıma sığındım.
 
Öz məsləkim, öz əhdim var, öz adım,
Haçalaşan cığırlarda azmadım.
Gəldi-gedər illər üçün yazmadım,
Məndən şeir umanıma sığındım.
 
Yaxşı gündə qardaş dedi çoxları,
Gülər gördüm süfrəmdəki toxları,
Quruyandan taleyimin arxları,
Öz ahıma, amanıma sığındım.
 
Mən ömrümün doğmalıqla soylanan,
Ötən günlər məzarında quylanan,
Sabahların üfüqündən boylanan
Əbədiyyət zamanına sığındım.
 
 
 
 
  Bugün 39 ziyaretçi (58 klik) kişi burdaydı!

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol