
Aman ovçu vurma məni
Hər günümlə təmasdadır sevinclə qəm,
Ürəyimdən keçənləri gərək deyəm.
Bəm pərdədə tar-kamanam, coşqun neyəm,
Heç zilə qaldırma məni.
Bir mahnının əfsununda fikirdəyəm:
Aman ovçu vurma məni.
Ceyran ovu, maral ovu dünənindi,
Bütöv xalqlar, ölkələr ovlanır indi.
Arzuların səması kölgədi, çəndi,
Kölgəyə saldırma məni,
Bir mahnının əfsununda fikirdəyəm:
Aman ovçu vurma məni.
Ölkələr var, üfüqləri alatoran,
Dönüb adi əyləncəyə gülləboran.
Bir yay üstə zəng səsindən hay qoparan,
Saat kimi qurma məni.
Bir mahnının əfsununda fikirdəyəm:
Aman ovçu vurma məni.
Çapıq-çapıq yarası var kürəmizin,
Çəni getmir, dağımızın, dərəmizin
Bu dünyada dünyası var hərəmizin,
O dünyadan sorma məni.
Bir mahnının əfsununda fikirdəyəm:
Aman ovçu vurma məni.
Seyr eləmə bu dünyanı səyyah kimi,
Yuxarıdan baxıb gülmə allah kimi.
Dərdimi bil, etibarsız cərrah kimi
Kor-koranə yarma məni.
Bir mahnının əfsununda fikirdəyəm:
Aman ovçu vurma məni.
Sanki qılınc asılmışdır başım üstə,
Hər gün ürək həyəcanda, qulaq səsdə.
Həyat eşqim sönə bilər hər nəfəsdə,
Suallarla yorma məni.
Bir mahnının əfsununda fikirdəyəm:
Aman ovçu vurma məni.
Mikrotozlar havamızı sora-sora,
Çəkir çölü, dənizləri sınaqlara.
Aparacaq öz odunda görək hara,
Qəlbimdəki qırma məni.
Bir mahnının əfsununda fikirdəyəm:
Aman ovçu vurma məni.
Ovçuların silahını sındırmasaq,
Od axtaran fikirləri yandırmasaq,
Yollar uzun, yollar çətin, yollar uzaq,
Çəkmə uzaqlara məni.
Bir mahnının əfsununda fikirdəyəm:
Aman ovçu vurma məni.