HÜSEYN RAZİ
  Keçəl Həmzə
 



Keçəl Həmzə
 
Koroğlu tayfası yaman seyrəlib,
Nəsli şaxələnir Keçəl Həmzənin.
Sanki Çənlibelə qarlı qış gəlib,
Qala kölgəsində gizlənib çənin.
 
Qırat yoxa çıxıb öz oylağından,
İgidlər çətində, əfəllər harın.
Haqqa xəyanətin tozanağında
Büsatı başlanıb həsənxanların.
 
Qılınc oynadanlar artır get-gedə,
Qılınc vuran kəslər azalar daha.
Mərdlik, mərdanəlik mühasirədə,
Ölüm ucuz olur, yaşamaq baha.
 
Tutur ehtirasla hünər, cəsarət
Qələmdən, qılıncdan bir qaşıq kimi.
Görünür, kişilik, qeyrət, dəyanət
Ənnikli, kirşanlı yaraşıq kimi.
 
Keçəl Həmzə bəyin qəbul günündə
Dəlilər qəbula durmuş növbədə.
Baxın, kimlər durub kimin önündə,
Rəis stulunda oturmuş gədə.
 
Gəlir Dəmirçioğlu gözlərində kin,
Rəis pul, hədiyyə umacağında.
Həris baxışları Keçəl Həmzənin
Qalıb bu igidin çal papağında.
 
Qəbulda hərənin bir xahişi var,
Gəlir Giziroğlu, Eyvaz kimi ər.
Yaxşı ki, gəlməyib, gəlsəydi Nigar,
Onun ismətinə göz dikərdilər.
 
Qəbul otağında Koroğlunu da
Həmzə qarşılayır saxta bir üzlə.
Hər kim olursan ol, qoca dünyada
Amansız taledən özünü gözlə.
 
Neyləsin Koroğlu bu acı gündə?
Bu haqqın dünyaya bir sualıdır.
Belə haqsızlığın müqabilində
Ədalət Allahı asılmalıdır.
 
Stul sahibinə verilsin gərək
Həmzəbəy neyləsin? Dünya dəlidir.
Hər kəsi yerinə qoya bilməsək,
Dünya özülündən sökülməlidir.
 
Bugünkü Həmzələr amansız, harın,
Adi at oğrusu deyildir onlar.
Bugün həmzələrin, həsənxanların
Dünyanı talamaq təhlükəsi var.
 
 
 
  Bugün 44 ziyaretçi (65 klik) kişi burdaydı!

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol