HÜSEYN RAZİ
  Ana səhifə
 






HÜSEYN RAZİ
(1924-1998)
 
 Hüseyn Məmməd oğlu Rzayev – şair, dramaturq, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1959-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Naxçıvan MR (1981) və Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1984).
1924-cü il oktyabrın 17-də Naxçıvan MR Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur. Ordubad Pedaqoji Məktəbini bitirdikdən sonra Culfa rayonunun Ərəzin kəndində orta məktəbdə müəllim işləmişdir (1941-1943).
İkinci dünya müharibəsində Sovet ordusu sıralarında Oryol, Kursk, Bryansk istiqamətində gedən döyüşlərdə iştirak etmiş, yaralanmış, sağaldıqdan sonra kiçik təyyarə mütəxəssisləri məktəbini bitirmiş, ikinci Pribaltika cəbhəsində əlahiddə uzaq kəşfiyyat alayında xidmət etmiş, ordudan tərxis olunmuşdur (1943-1945).
Ordubadda səkkizillik məktəbdə müəllim, Dəstə kənd klubunda müdir, Naxçıvan Radio Verilişləri Redaksiyasında redaktor, «Şərq qapısı» qəzetində ədəbi işçi, Azərbaycan Teleqraf Agentliyinin Naxçıvan MR üzrə xüsusi müxbiri vəzifəsində çalışmışdır. «Şərq qapısı» qəzetində Ədəbiyyat və İncəsənət şöbəsinin müdiri olmuş (1962-1989), sonra təqaüdə çıxmışdır (1989).
S.M.Kirov adına ADU-nun filologiya fakültəsini bitirmişdir (1959).
1947-ci ildə ilk şeirləri «Şərq qapısı» qəzeti və «İnqilab və mədəniyyət» jurnalında çap olunmuş, bundan sonra dövri mətbuatda müntəzəm olaraq çıxış etmişdir. O, poetik yaradıcılıqla bərabər tərcümə ilə də məşğul olmuşdur. M.İsakovski, L.Martınov, S.Mixalkov, S.Şipaçev, O.Şestinski, R.Həmzatov, R.Babacan, A.Bartonun şeirlərini dilimizə tərcümə etmişdir. Şeirləri türk, tatar, fars, fransız və rus dillərinə tərcümə olunmuşdur. Dramaturq kimi onun «Odlu diyar» (1960), «Alovlu yollar» (1961), «Tarla gözəli» (1964), «Günəş» (1968), «Arxalı dağlar» (1974), «Haray səsi» (1978), «Şirinliyin acısı» (1981) pyesləri teatrlarda tamaşaya qoyulmuşdur. «Buludlar arasında», «Həyəcanlı gecə» nəsr əsərlərinin, yüzlərlə publisistik məqalə və oçerklərin, teatr resenziyalarının, «İrəvan ədəbi mühiti» adlı irihəcmli tədqiqat işinin müəllifidir.
Xidmətlərinə görə bir neçə medalla, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin və Naxçıvan MR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanlarına layiq görülmüşdür.
Rəşid Behbudov, Xəlil Rza Ulutürk, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Süleyman Rüstəm, Mehdi Hüseyn, Mirzə İbrahimov, Məmməd Araz, Çingiz Aytmatov və bir sıra digər tanınmış şəxsiyyətlərlə şəxsən tanışlığı və dostluğu olmuşdur.
Çexiya, Macarıstan, Slovakiya, Polşa, İran, İraq və başqa xarici ölkələrə səfər etmişdir. Ömrünün son illərində Məşəd və Kərbala ziyarətində olmuş, Kərbaladan qayıtdıqdan sonra o, «Kərbala» adlı poema üzərində işləmək istədiyini bildirmiş, lakin ömrü əsəri yazıb bitirməyə yetməmişdir (Əsərin yarımçıq vəziyyətdə əlyazma halındakı qaralamaları şairin Naxçıvandakı evindədir).
1998-ci ildə fevral ayının 27-də Naxçıvan şəhərində vəfat etmiş və öz vəsiyyəti üzrə doğulduğu Dəstə kəndində dəfn edilmişdir.
 
Əsərləri:
1.      Kəndimizin səhəri (şeirlər). Naxçıvan, 1958, 36 səh., 3000 nüs.
2.      Buludlar arasında (povest). Bakı: Uşaqgəncnəşr, 1961, 92 səh., 20000 nüs.
3.      Ana məhəbbəti (şeirlər). Bakı: Azərnəşr, 1960, 55 səh., 3000 nüs.
4.      Tarla gözəli (bir pərdəli pyes). Bakı: Xalq Yaradıcılığı evi, 1963, 25 səh., 1000 nüs.
5.      Ömür yolları (şeirlər). Bakı: Azərnəşr, 1964, 76 səh., 5000 nüs.
6.      Həyəcanlı gecə (povest). Bakı: Azərnəşr, 1966, 123 səh., 20000 nüs.
7.      Səsləşən dağlar (şeirlər). Bakı: Azərnəşr, 1970, 147 səh., 7000 nüs.
8.      Həmişəbahar (şeirlər). Bakı: Azərnəşr, 1974, 239 səh., 6500 nüs.
9.      Araz sahilində (şeirlər). Bakı: Gənclik, 1974, 14 səh., 10000 nüs.
10. Canlı tonqal (şeirlər). Bakı: Azərnəşr, 1977, 95 səh., 4800 nüs.
11. Ayrılmaram (şeirlər). Bakı: Azərnəşr, 1981, 244 səh., 7000 nüs.
12. Sahil həsrəti (şeirlər). Bakı: Yazıçı, 1985, 295 səh., 7000 nüs.
13. Gözün aydın (şeirlər). Bakı: Azərbaycan, 1996, 232 səh., 2000 nüs.
 
 
 
 
  Bugün 4 ziyaretçi (20 klik) kişi burdaydı!

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol